İntellektual teleoyunda 72 nömrəli məktəb-liseyin komandası qalib gəlib
Bakı, 20 aprel, AZƏRTAC
Paytaxt məktəblilərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual teleoyununda yarışıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 59, 162, 232 nömrəli tam orta məktəblərin və 72 nömrəli məktəb-liseyin şagirdləri “Dil və ədəbiyyat”, “Tarix”, “İnformatika”, “Səyyahlar” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, intellektual teleoyunun nəticələrinə əsasən, 72 nömrəli məktəb-liseyin komandası qalib gəlib.
Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaqdır. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.