“İNTEQRA” ŞİRKƏTİ AZƏRBAYCANI FƏALİYYƏTİNİN PERSPEKTİVLİ İSTİQAMƏTİ SAYIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın şaxələndirilmiş aparıcı servis və maşınqayırma şirkətlərindən biri sayılan “İnteqra” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir. Şirkətin rəhbərliyi bunu Moskvada MDB ölkələrində biznesin inkişafına həsr olunmuş mətbuat konfransında bildirmişdir. Neft-qaz sənayesi müəssisələrinə xidmət göstərən “İnteqra” artıq Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Ukraynada və bu günlərdə Türkmənistanda qeydiyyatdan keçmişdir.
“İnteqra” qrupu idarə heyəti sədrinin birinci müavini Mark Sadıxov mətbuat konfransında bildirmişdir ki, şirkət “Smit Avrasiya”nın bölmələrindən biri qismində Azərbaycanda fəaliyyət göstərir, avadanlıq göndərməklə və servis sifarişlərini yerinə yetirməklə məşğuldur. O demişdir ki, Azərbaycanda biznes iki böyük bloka - ofşor və onşor bloklarına bölünmüşdür. Şübhəsiz, şirkətin gördüyü işin həcmi böyükdür və o həm Qərb operatorları, həm də Azərbaycan Dövlət Neft Şirkəti üçün bu həcmləri artırmaq arzusundadır. Hazırda qazmanın menecmenti üzrə iri layihənin icrasına başlanmışdır, ötən il isə Azərbaycanda seysmik vəziyyətə dair çox uğurlu layihə reallaşdırılmışdır. Bir sözlə, Azərbaycanda fəaliyyəti genişləndirməklə bağlı planlar olduqca çoxdur.
Bu, həm də onunla əlaqədardır ki, Azərbaycan Sovet İttifaqı dövründə çox böyük mərkəz idi və tədricən neft seqmenti avadanlığının istehsalına qayıdır. Şirkətin nümayəndəsi demişdir: “Şübhəsiz, bu, hamımız üçün maraqlıdır. Bununla yanaşı, son illər Azərbaycanda ofşor çox fəal inkişaf etmişdir və artıq yatırılmış kapitalın geri qaytarılmasına başlanmışdır. Buna müvafiq olaraq alınan neftdə Azərbaycanın payı neçə dəfə artmış, ARDNŞ dənizdəki, eləcə də qurudakı müəssisələri ilə birlikdə sürətlə inkişaf etməyə başlamışdır. Təbii ki, Azərbaycan bizim üçün çox böyük bazardır, əməkdaşlıq üçün böyük perspektivlər açılır və biz burada işləməkdə maraqlıyıq”.
Şirkətin satışlar üzrə vitse-prezidenti Valeri Bessel əlavə etmişdir ki, şəbəkənin yaradılmasından məqsəd bütöv xidmətlər kompleksini MDB ölkələri bazarına yeritməkdir. Bunlar bazarın öyrənilməsi və həmin ölkələrdə fəaliyyəti genişləndirmək üçün imkanların təhlil edilməsidir. V.Bessel qeyd etmişdir ki, bu sahədə liderliyi ələ keçirmək, biznesin səmərəliliyini artırmaq və onu şaxələndirmək qrupun MDB-də biznes fəaliyyətini genişləndirməsinin əsasını təşkil edir.