CƏMİYYƏT
İordaniya mətbuatı: Azərbaycan ekoloji tərəqqiyə nail olmaq üçün davamlı sülh və təhlükəsizliyə şərait yaratmağa çalışır
Bakı, 6 noyabr, AZƏRTAC
İordaniya “Petra” Dövlət İnformasiya Agentliyi (ərəb və ingilis dillərində), “Jordan News” (ingilis dilində) və “Ammon News” informasiya saytlarında (ingilis dilində) “Bakının COP29 konfransına ev sahibliyi etməsi daha yaşıl gələcəyə doğru bir addımdır” sərlövhəli məqalələr dərc edilib.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə paytaxt Bakının noyabrın 11-dən 22-dək COP29-a ev sahibliyi edəcəyindən, ilin ən böyük beynəlxalq toplantısı olacaq COP29-un minlərlə eksperti, jurnalisti, iqlim fəalını, biznes liderini və QHT nümayəndəsini bir araya gətirəcəyindən, Avropa İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri ilə iqlim problemlərinə qlobal əməkdaşlıq reaksiyalarını təşviq edən müzakirələr aparılacağından bəhs olunub.
Məqalədə, həmçinin Prezident İlham Əliyevin COP29-un iqlim böhranının praktik həlli yollarını asanlaşdırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığı gücləndirəcəyinə ümidvar olduğu vurğulanıb.
Həmin əlamətdar hadisənin qlobal ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirdiyi bir vaxta təsadüf etdiyi, konfransda innovativ təmiz enerji həllərinin nümayiş olunacağı, COP29-a ev sahibliyi etməyin Azərbaycanın beynəlxalq imicini artırdığı, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz regionunda sülhə və sabitliyə sadiqliyi vurğulanıb, ekoloji tərəqqiyə nail olmaq üçün daha geniş missiyanın bir hissəsi kimi davamlı sülh və təhlükəsizliyə şərait yaratmaq səyləri qeyd edilib.