İORDANİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə mayın 25-də Bakı Əyləncə Mərkəzində rəsmi qəbul təşkil etmişdir.
Azərbaycan Respublikasının və İordaniya Haşimilər Krallığının dövlət himnləri səslənmişdir.
İordaniyanın Azərbaycandakı səfiri Adel Adaileh çıxış edərək, ölkəsinin müstəqillikdən sonra keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanıldığını, İordaniyanın dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan İordaniya ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaradır.
Səfir vurğulamışdır ki, İordaniya ilə Azərbaycan arasında əlaqələr iki görkəmli dövlət xadiminin - Heydər Əliyevin və Kral Hüseyn bin Təlalın səyləri nəticəsində qurulmuşdur. İordaniya Kralı əlahəzrət II Abdullah və Prezident İlham Əliyevin dövründə bu əlaqələr uğurla davam etdirilir.
A.Adaileh diqqətə çatdırmışdır ki, hər iki ölkə arasında münasibətləri arzu olunan səviyyəyə çatdırmaq üçün Kral II Abdullah üç həftə bundan öncə Azərbaycana, ötən il isə Prezident İlham Əliyev İordaniyaya səfər etmişdir. Səfərlər çərçivəsində iqtisadi, mədəni, ticari, informasiya və turizm sahələrinə dair bir çox sazişlər imzalanmışdır.
Diplomat demişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar öz bəhrəsini verməyə başlamışdır. Belə ki, Bakıda İordaniya iş adamlarının biznes-forumu təşkil edilmiş, bu ölkənin sənaye mallarının sərgisi keçirilmiş və mayın əvvəlindən etibarən Əmman və Bakı arasında birbaşa hava reysləri açılmışdır.
Səfir Azərbaycan Xalq CÜmhuriyyətinin 90-cı ildönümü münasibətilə Prezident İlham Əliyevi, qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik etmiş və dinamik inkişaf etməkdə olan müstəqil respublikamıza yeni uğurlar arzulamışdır.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov əlamətdar gün münasibətilə dost İordaniya xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını mərasim iştirakçılarına çatdırmışdır.
V.Ələsgərov demişdir ki, İordaniya Kralı II Abdullahın ölkəmizə və Prezident İlham Əliyevin İordaniyaya səfərləri əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərində yeni mərhələ açmışdır.
Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri qəbulda iştirak etmişlər.
######
