CƏMİYYƏT
İqlim Skanerinin ilkin nəticələri: dövlət siyasəti və idarəetmə istiqamətində vəziyyət yaxşı olsa da, maliyyə sahəsində ürəkaçan deyil
Bakı, 14 noyabr, AZƏRTAC
Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən ölkələrin əksəriyyətində dövlət siyasəti, milli öhdəliklərin qəbul edilməsi, yumşaldılma strategiyaları, Milli Uyğunlaşma Planları, idarəetmə, o cümlədən qanunvericilik, inzibati strukturlar, risk idarəetməsi, şəffaflıq və sair üzrə hökumət tərəfindən görülən işlər qənaətbəxşdir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-nin təşkilatçılığı ilə keçirilən “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib.
Bildirilib ki, maliyyə sahəsi, o cümlədən daxili, beynəlxalq və özəl iqlim maliyyəsi üzrə mövcud mexanizmlərin və həyata keçirilən fəaliyyətlərin gücləndirilməsinə zərurət yüksəkdir.