DÜNYA
İran Avropanın 4 qurumuna və 15 rəsmi şəxsinə sanksiya tətbiq edəcək
Tehran, 19 oktyabr, AZƏRTAC
İran Avropanın 4 qurumuna və 15 rəsmi şəxsinə sanksiyalar tətbiq edəcək. Bu adamların İrana daxil olması və hər hansı bir təşkilatla əlaqələri qadağan ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib. O bildirib ki, Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyalara cavab veriləcək.
Avropa İttifaqı iddia edir ki, sentyabrın 16-dan başlayaraq İranda baş verən kütləvi aksiyalar polis tərəfindən amansızlıqla yatırılıb və aksiyaçılar arasında döyülərək öldürülənlər var, insan hüquqları və fikir azadlığı kobud şəkildə pozulub. Bununla yanaşı, İran beynəlxalq qanunlara zidd olaraq Ukraynanı işğal etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket sistemləri verib. Bunları əsas tutan Avropa İttifaqı oktyabrın 17-də Brüsseldə məsələni müzakirə edib və İranın 4 dövlət təşkilatına və 11 nəfər rəsmi şəxsinə qarşı sanksiyalar tətbiq edib. Bu adamlar Avropa İttifaqı ərazisinə daxil ola bilməyəcək və onların Avropa ölkələrinin banklarındakı maliyyə vəsaitləri dondurulacaq. Sanksiyalar siyahısında İranın rabitə və informasiya texnologiyaları naziri, polis təşkilatının rəhbərləri və digər rəsmi şəxslər var.
Lakin İran Avropanın İrana qarşı irəli sürdüyü hər iki ittihamı rədd edir. Ə.H.Abdullahian Avropanı İranın daxili işlərinə qarışmaqda ittiham edib və cavab addımı olaraq Avropanın rəsmilərinə və bəzi qurumlarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
İranın xarici işlər naziri bu barədə əlavə məlumatın veriləcəyini də nəzərə çatdırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran