İDMAN
İran idmançısı Bakıda atçılığın konkur növü üzrə keçirilən CSI4* kateqoriyalı beynəlxalq turnirin medium klass yarışlarının qalibi olmuşdur [YENİLƏNİB]
Bakı, 3 may (AZƏRTAC). Binə qəsəbəsindəki “Elite Horse Club”un açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İrandan ümumiliklə 25-ə yaxın idmançı 65 atla iştirak edir.
Mayın 4-dək davam edəcək turniri Türkiyə, Bolqarıstan, Rusiya, İran və Rumıniyadan dəvət olunmuş hakimlər kollegiyası idarə edir.
Turnirin ikinci günü növbəti yarış yeddi yaşdan yuxarı atlar arasında keçirilmişdir. Medium klass (təsəlli) yarışında maneələrin hündürlüyü 130 santimetr olmuşdur. Yarışda iranlı Masud Mokarinezad “Baghera” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci pillədə qərarlaşmışdır. Digər İran idmançıları - Məcid Şərifi “U2” ləqəbli atla ikinci, Kaveh Farbod “Zakinthos” ləqəbli atla üçüncü pilləni özləri üçün təmin etmişlər.
Qeyd edək ki, medium klass yarışından əvvəl yeddi yaşadək atlar arasında maneələrin hündürlüyü 125 santimetr olan turnir keçirilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla birinci olmuşdur. Gürcüstanlı Giorgi Toxadze “Rene” ləqəbli atla ikinci, Azərbaycan idmançısı Manuela Kiss “Karreras MNM” ləqəbli atla üçüncü olmuşlar.