İQTİSADİYYAT
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müqavilə imzalanacaq

Bakı, 24 sentyabr, AZƏRTAC
Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar Rusiya və İran arasında danışıqlar davam edir. Cari ilin sonuna kimi İran ilə Rusiya arasında yolunun tamamlanmasına sərmayə yatırılması haqqında müqavilə imzalanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Yol və şəhərsalma nazirinin müavini Abbas Xətibi verib.
O bildirib ki, 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması üçün 1 milyard avro vəsait lazımdır. Bunu da İran ilə Rusiya sərmayə kimi yolun inşaasına yatıracaqlar.
Cari ilin may ayında İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılmasına dair anlaşma memorandumu imzalanıb. Müqaviləyə əsasən, Rusiya tikintiyə sərmayə yatırmalı, elektrik xətlərini çəkməli və bir sıra digər işləri həyata keçirməlidir.
Qeyd edək ki, Rəşt-Astara yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir yolunun bir hissəsidir. Yüklər Hindistan və Cənub Şərqi Asiyanın digər ölkələrindən İranın Çabahar və Bəndər Abbas limanlarına gətiriləcək. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu və Azərbaycandan tranzit keçməklə Rusiyaya, eləcə də əks istiqamətə daşınacaq.