İRAQ İRANLA ABŞ ARASINDA SİYASİ HAQQ-HESABLAR ÇƏKİLMƏSİ MEYDANINA ÇEVRİLMƏMƏLİDİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, İraq İranla ABŞ arasında siyasi haqq-hesablar çəkilməsi meydanına çevrilməməlidir. Bu bəyanatı İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Mottəki mətbuat konfransında vermişdir. O, Tehranda səfərdə olan İraq hökuməti başçısının müavini Bəhram Salehlə danışıqlar aparmışdır.
Mottəki bu yaxınlarda İran və ABŞ nümayəndələri arasında İraqda təhlükəsizlik problemlərinə dair səmərəli danışıqlara toxunaraq bildirmişdir ki, bu məsləhətləşmələrdə tərəflərin mövqeləri səslənmişdir. Əgər İraqın Baş naziri Nuri əl-Maliki və digər rəsmi şəxslər mövzular saxlanılmaqla məlum danışıqların davamında təkid etsələr, İran buna müsbət yanaşacaqdır.
İranın xarici siyasət idarəsinin başçısı demişdir: “İraq hansısa dövlətlər arasında siyasi haqq-hesablar çəkilməsi meydanına çevrilməməlidir. İraqın problemlərinin həllində hamı ona kömək etməlidir. İranla ABŞ arasında ikitərəfli məsələlərin və digər problemlərin iki ölkənin İraqdakı vəziyyətə dair məsləhətləşmələri ilə heç bir əlaqəsi yoxdur”.
Mayın 28-də Bağdadda 27 il ərzində ilk dəfə Tehranın və Vaşinqtonun birbaşa rəsmi məsləhətləşmələri keçirilmişdir. İraqda iki ölkənin səfirləri səviyyəsində keçirilmiş “tarixi danışıqlar” yalnız bu ərəb ölkəsində təhlükəsizlik problemlərinə aid olmuşdur. Tərəflər Bağdad görüşünə müsbət qiymət vermiş və yaxın bir ay ərzində danışıqların ikinci dövrəsinin keçirilməsi haqqında razılığa gəlmişlər.