CƏMİYYƏT
İrkutsk Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bakı, 15 oktyabr, AZƏRTAC
Hüquqşünasların hazırlanması sahəsində Rusiyanın aparıcı təhsil müəssisələrindən hesab edilən və Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin (İDU) tərkibində fəaliyyət göstərən Hüquq İnstitutunun müəllimlərindən və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində oktyabrın 14-də İDU-nun Hüquq İnstitutunun və İrkutsk Vəkillər Palatasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyev tərəfindən qəbul edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qonaqlarla hüquqşünas kadrların hazırlanmasının xüsusiyyətləri, əməkdaşlığın faydası və perspektivləri, Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr barədə söhbət aparılıb.
Görüşdən sonra nümayəndə heyəti yenidən layihələndirilmiş Azərbaycan Prokurorluğunun tarix muzeyi ilə tanış olub.
Sonra qonaqlar paytaxtın Dərnəgül yaşayış sahəsində yerləşən inzibati binalar kompleksində yaradılmış şəraitlə tanış olub, onlara kitabxanalar, məşğələ auditoriyaları, kriminalistik avadanlıq otaqları və texnikası, konfrans zalı və digər xidməti otaqlar nümayiş etdirilib.
Qonaqlara, həmçinin Azərbaycan Prokurorluğunun fəaliyyəti, prokurorluq işçilərinin tədris prosesi, hazırlıq və ixtisasartırma kursları və digər təlimlərin keçirilməsi əsasları, habelə tətbiq edilən müasir texnologiyalar barədə təqdimatlar keçirilməklə ətraflı məlumat verilib.
Vətən müharibəsi qalereyasını ziyarət edən nümayəndə heyəti Heydər Əliyevin büstü qarşısında Ulu Öndərin əziz xatirəsini yad edib.