REGİONLAR
İrpen Humanitar Liseyi ilə Naxçıvanın Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb



Bakı, 28 sentyabr, AZƏRTAC
Ukraynada yerləşən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko və İrpen Şəhər Təhsil İdarəsinin əməkdaşı Oksana Zubenko Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ukraynalı qonaqlarla yanaşı, Bakıda yerləşən akademik Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova və SOCAR-ın nümayəndəsi Vüsal Əhmədov da Kəngərli rayonu Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına tam orta məktəbə gəliblər. Qonaqlar əvvəlcə akademikin məktəbin foyesində yerləşən büstünü ziyarət edib, qarşısına tər güllər düzüblər. Məktəbdə alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərlə tanış olub, tədris prosesini izləyiblər. Məktəbin müəllim kollektivi ilə görüşdə Valentina Antonenko bildirib ki, rəhbərlik etdiyi məktəb 15 ildir akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də Zərifə xanımın adını daşıyır. Vurğulayıb ki, məktəbdə 2500 şagird təhsil alır. Bu ildən liseydə Azərbaycan dilində də dərs keçirilməsinə başlanılıb.
Valentina Antonenko vurğulayıb ki, İrpendə fəaliyyət göstərən lisey ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir. Hərbi əməliyyat zamanı zərər çəkmiş bu təhsil müəssisəsi Azərbaycan Prezidentinin tapşırığı ilə SOCAR Enerjy Ukrain tərəfindən qısa zamanda bərpa olunub. İrpenli qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseylə də sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb.
Sonra akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyi ilə Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbi arasında “Dostluq körpüsü” adlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşün sonunda Ukraynanın İrpen şəhərində yerləşən Zərifə Əliyeva adına Humanitar Xarici Dillər Liseydən bəhs edən videoçarx nümayiş etdirilib.