ELM VƏ TƏHSİL
İşçi Qrupun rəhbəri: İndiyədək “Yüksəliş” qaliblərindən 32 nəfər yeni vəzifəyə irəli çəkilib VİDEO


Bakı, 1 mart, AZƏRTAC
2019-2023-cü illər ərzində üç “Yüksəliş” müsabiqəsi baş tutub. Bu müddətdə müsabiqədə 26 min 358 nəfər iştirak edib. Müsabiqə qaliblərindən 32 nəfər vəzifə yüksəlişinə, yeni təyinata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, başa çatan üç “Yüksəliş” müsabiqəsində 71 nəfər qalibə ümumilikdə 1 milyon 420 min manat pul mükafatı verilib.
“Ötən müddətdə müsabiqə boyunca 19 imtahan keçirilib. Müsabiqədə 128 ekspert iştirak edib. 40 mentorun iştirakı ilə 167 görüş, 20 vebinar, 25 layihə həyata keçirilib”.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.