İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir VİDEO

Bakı, 23 aprel, AZƏRTAC
Xəstəxanadaxili infeksiyaların idarə olunması olduqca aktual məsələdir. Hazırda bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendesiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşündə jurnalistlərə açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, Mərkəzi Gömrük Hospitalı COVID-19 pandemiyası zamanı bu sahədə təcrübə qazanıb: “Tədbirin əsas məqsədi iştirakçıların öz təcrübələrini bölüşməsi üçün şərait yaratmaqdır. Mütəxəssislər tədbirdə aktual prezintasiyalar, təqdimatlar edib, müzakirələr aparacaqlar. Arzuolunan nəticə isə respublikada yersiz antibiotik istifadəsinə qarşı mübarizəni daha da genişləndirmək, bu sahədə aparıcı innovativ texnologiyanı təbliğ etmək və antibiotiklə terapiyanı düzgün aparmaq üçün müasir laborator avadanlıqlardan istifadə metodlarının təbliğidir”, - deyə İ.Əfəndiyev bildirib.