İsmayıllı rayonunda keçiriləcək simulyasiya təlim-məşq tədbirinə hazırlıq işləri müzakirə olunub
Bakı, 2 may, AZƏRTAC
İsmayıllı rayonu Peşə Tədris Mərkəzində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması günü münasibəti ilə “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında planlaşdırılmış simulyasiya təlim-məşq tədbirinə hazırlıq işləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, həmin layihə İsmayıllı və Qusar rayonlarında Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi, İsmayıllı və Qusar rayonlarının icra hakimiyyətləri və kənd bələdiyyələrinin dəstəyi, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən başlayaraq uğurla həyata keçirilir.
Tədbirlə əlaqədar olaraq Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahı nəzdində işçi qrupu yaradılıb, ilkin vəzifə bölgüləri aparılıb və görüləcək işlər müəyyənləşib. Görüş iştirakçıları təlim-məşq yerinə baxış keçirib və iştirakçı qurumlar arasında lazımi tapşırıq bölgüsü aparıblar.
Beynəlxalq müşahidəçilərin iştirak edəcəyi təlim-məşq tədbirində hər iki qurumun əməkdaşlarına yaranmış fövqəladə hallar zamanı tətbiq edilməsi lazım olan müvafiq bacarıq və biliklərini nümayiş etdirmək imkanı yaradılacaqdır.