İsmayıllıda heyvanlardan analizlər götürülüb – Araşdırmalar davam edir VİDEO






İsmayıllı, 17 mart, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllı rayonunun Kürdmaşı kəndində bəzi heyvanların xəstələnərək tələf olduğu iddia edilir. Kənd sakinləri bu vəziyyətdən narahatdırlar və xəstəliyin səbəbinin müəyyən edilməsi üçün aidiyyəti qurumlara müraciət ünvanlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müraciət Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi və Aqrar Xidmətlər Agentliyinin İsmayıllı rayonu üzrə yerli idarəsi tərəfindən nəzarətə götürülərək, araşdırmalar aparılır.
Kürdmaşı kənd sakini Əlövsət Həsənovun sözlərinə görə, xəstələnən və tələf olan heyvanlarda qeyri-adi davranış müşahidə edilib: “Heyvan özünü qəribə aparır, başını ora-bura çırpır, yaxınlaşmaq olmurdu. Həkim çağırdıq, gəlib baxdılar. Dedilər ki, iki gün müşahidə altında saxlayın. Biz də dediklərinə əməl etdik, lakin heyvan tələf oldu".
Digər sakin Tamilə Həsənova isə deyir ki, bu xəstəlik əvvəlcə iştahasızlıq və halsızlıqla başlayır. “15 gün əvvəl inək yeməyi dayandırdı, su içmirdi. Həkim çağırdım, iynə vurdu. Sonra rayondan başqa həkim gətirdik, amma onlar iynə vurmadılar. Heyvan aqressivləşmişdi, adamı vurmaq istəyirdi. Beş gün sonra tələf oldu. Qonşular da narahatdırlar ki, bu xəstəlik onların da heyvanlarına keçər. Baytarlar analiz götürdüklərini və nəticələrin yaxın zamanda açıqlanacağını bildiriblər”, - deyə o əlavə edib.
Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyinin İsmayıllı rayonu Heyvan Sağlamlığı və Baytarlıq İdarəsi də münasibət bildirib. İdarə rəisi Mahir Bayramovun sözlərinə görə, qurumun əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin mütəxəssisləri tərəfindən Kürdmaşı kəndində vətəndaşlara məxsus təsərrüfatlara baxış keçirilib: “İribuynuzlu heyvanlarda quduzluq xəstəliyinə xas olan klinik əlamətlər aşkar edilməyib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvanlardan nümunələr götürülərək aidiyyəti üzrə mərkəzi laboratoriyaya göndərilib. Yaxın günlərdə nəticələr məlum olacaq”.
O əlavə edib ki, son üç ayda kənd ərazisində cəmi iki baş iribuynuzlu heyvan tələf olub və bunun əsas səbəbi heyvanların qidalanma rejiminin pozulmasıdır: “İlkin müşahidələrə görə, tələf olan heyvanlarda yoluxucu xəstəlik əlamətləri müşahidə edilməyib. Analizlərin nəticələri məlum olduqdan sonra dəqiq məlumat veriləcək. Təsərrüfat sahiblərinə tövsiyə edirik ki, heyvanlarının yem rasionuna diqqət yetirsinlər və baytar nəzarətini gücləndirsinlər”.
Hazırda proses aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır və ən qısa zamanda xəstəliyin səbəbi ilə bağlı yekun rəsmi açıqlama veriləcək.