İSMAYILLIDA İNGİLİS DİLİ MÜƏLLİMLƏRİNİN V REGİONAL KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 24-də Azərbaycan İngilis Dili Müəllimləri Birliyi (AzETA) Təhsil Nazirliyinin təşkilatı, Böyük Britaniyanın “British Counsıl” və Amerikanın “İREX” təşkilatlarının maliyyə dəstəyi ilə İsmayıllıda ingilis dili müəllimlərinin V regional konfransını keçirmişdir.
Əvvəlki dörd konfransdan fərqli olaraq daha çox bölgəni, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərini, Yevlax, Goranboy, Şəki, Samux, Xaçmaz rayonlarını əhatə edən və 100-dək nümayəndənin qatıldığı konfransda AzETA-nın prezidenti Rəqsanə Məmmədova birliyin məramı barədə danışmışdır. Natiq bildirmişdir ki, fəaliyyətlərinin əsas məqsədi ingilis dilinin tədrisi sahəsində dünyanın qabaqcıl təcrübəsini Azərbaycanda yaymaq, bu fənn müəllimlərinin peşə hazırlığının artırılması istiqamətində Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərə dəstək verməkdir.
Bu strategiyanı AzETA müxtəlif layihələrlə, o cümlədən təkmilləşdirmə kursları, tədris materiallarının hazırlanması, təcrübə mübadiləsi məqsədilə rayonlara, həmçinin ayrı-ayrı xarici ölkələrə səfərlər, videomaterialların nümayişi, söhbət qrupları, seminarlar, regional və beynəlxalq konfranslar və s. vasitələrlə həyata keçirir. R.Məmmədova 1995-ci ildə yaradılan və 1996-cı ildə rəsmi qeydiyyatdan keçən Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin indiyədək 5 beynəlxalq konfrans keçirdiyini qeyd etmişdir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov son illərdə təhsilin inkişafı, rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Regional konfransda çıxış edən təhsil naziri Misir Mərdanov son illər Azərbaycandın təhsil sistemində qazanılan uğurlar, habelə həlli vacib məsələlər barədə ətraflı məlumat vermişdir. Ölkədə 4500-dən çox ümumtəhsil məktəbinin fəaliyyət göstərdiyini vurğulayan nazir ümumiyyətlə, dil öyrədilməsində problemlərin də mövcud olduğunu bildirmişdir. İngilis dilinin tədrisinin zəif olduğunu söyləyən nazir bu problemi tədris proqramında ingilis dili saatının azlığı, proqram və dərsliklərin müasir tələblərə cavab verməməsi, metodikanın az səmərəliliyi, həmçinin müəllimlərin səviyyəsinin aşağı olması ilə izah etmişdir.
Nazir ölkəmizin ümumtəhsil məktəblərində ingilis dilinin öyrədilməsi ilə əlaqədar strategiya hazırlanmasının zəruriliyini qeyd edərək, növbəti dərs ilindən etibarən bu istiqamətdə ciddi addımlar atılacağını söyləmişdir.
Konfransda “British Counsıl” təşkilatının direktoru Nikol de Laluvyer və “İREX” təşkilatının direktoru Andrea Kalan çıxış etmişlər.
Regional konfransın rəsmi açılış mərasimindən sonra günün ikinci yarısında İsmayıllı şəhər 1 nömrəli orta məktəbdə ingilis dilinin tədrisi ilə bağlı müxtəlif mövzularda seminarlar aparılmışdır. Yerli və xarici ölkələrdən gəlmiş mütəxəssislər tərəfindən aparılan seminarlarda “Danışıq qabiliyyətini necə inkişaf etdirməli”, “Nitq mədəniyyəti: sən və başqaları”, “Musiqi ilə dərsin təşkili”, “İnteqrativ təlim metodları” və digər mövzular əhatə olunmuşdur.