İsmayıllıda keçirilən buraxılış imtahanında 974 nəfər IX sinif şagirdi iştirak edib
İsmayıllı, 18 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də respublikamızın 30 şəhər və rayonunda, o cümlədən İsmayıllıda ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının birinci mərhələsini keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllıda imtahanlar şəhid Eldar Məmmədov adına şəhər 3 saylı məktəb-liseydə və şəhər 5 saylı tam orta məktəbində aparılıb. İmtahanlarda 981 nəfər şagirddən 974 nəfəri iştirak edib.
İsmayıllıda imtahanların idarə olunması 7 nəfər imtahan rəhbəri, 84 nəfər nəzarətçi-müəllim tərəfindən aparılıb. Hər iki məktəb mühafizə xidməti, həkim və tibb işçiləri ilə təmin olunub. Ümumiyyətlə, imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb.