İSPANİYADA AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın İspaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin səfirlikdəki büstünün önünə gül dəstələri düzmüş, ehtiramla yad etmişlər.
Səfir Məmməd Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaranmasında və möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışmış, ümummilli liderin 1969-cu ildən başlayaraq Azərbaycanın inkişaf tarixindəki rolu, müstəqillik dövründə demokratik, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Ulu öndərimizin rəhbərliyi dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini, ictimai-siyasi sabitliyin bərqərar olduğunu faktlarla əsaslandıran səfir vurğulamışdır ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində xalqımızın taleyüklü problemlərinin həllində bu dahi şəxsiyyət əvəzedilməz rol oynamışdır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını və sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdıran M.Əliyev qeyd etmişdir ki, hazırda ümummilli liderimizin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Türkiyənin, Rusiyanın, Gürcüstanın, Qazaxıstanın və Ukraynanın İspaniyadakı səfirləri yekdilliklə vurğulamışlar ki, bu gün Azərbaycan ilə təmsil etdikləri ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda ulu öndərin həyat yolundan bəhs edən film və onun fəaliyyəti ilə bağlı fotostend nümayış etdirilmişdir.