İspaniyanın doqquz ən yaxşı universitetinin hamısı dövlət ali məktəbləridir
Madrid, 27 aprel, AZƏRTAC
İspaniyanın doqquz ən yaxşı universitetinin hamısı dövlətə məxsus, ən pis üç universiteti isə özəl ali məktəblərdir.
AZƏRTAC xəbər verir ki, İspaniyada ən yaxşı universitet hansıdır? - sualına cavab vermək asan deyil. Adətən bu suala sualla cavab verirlər: Hansı göstəriciyə görə ən yaxşı?
Fakültənin müəllimlərinin fəaliyyəti bu ali məktəbin tədqiqat potensialı ilə uyğun gəlmir. Texnoloji inkişaf, məzunların əmək bazarına cəlb edilməsi eyni standartlarla ölçülə bilməz. Buna baxmayaraq, müxtəlif göstəriciləri təhlil etmək və onların köməyi ilə orta nəticə çıxarmaq olar. “Ivie” və “BBVA Foundation” fondları artıq 7 ildir ki, belə göstəriciləri təhlil edirlər. Aprelin 25-də bu fondlar U-2019 reytinqini təqdim ediblər. Burada İspaniyanın 82 universitetinin xeyli hissəsi təhlil və təsnif edilir.
1,7 bal toplamış Pompeu Fabra Universiteti (Kataloniya) reytinqdə birinci yeri tutur. İkinci yeri (1,5 bal) III Karl adına Madrid Universiteti, üçüncü yeri Kataloniya və Valensiya Politexnik İnstitutu, dördüncü yeri (1,3 bal) Madrid Avtonom Universiteti, Kantabriya Universiteti, Barselona Avtonom Universiteti, Rovir və Virxili Universiteti bölüşürlər. Bu ali məktəblərin hamısı dövlətə məxsusdur.
Hərəsi 0,6 bal ilə qiymətləndirilmiş Madrid Distant Universiteti, Seu Kardenal Errer Universiteti, Fransisko de Vitoria Katolik Universiteti reytinqdə son yerləri tutur. Bu universitetlərin hamısı özəl ali məktəblərdir.
Müəllimlərin fəaliyyəti baxımından ən yaxşı ali məktəblər Navarra Xalq Universiteti, Antonio Nebrix Universiteti və Valensia Politexnik İnstitutudur.
Pompeu Fabra Universiteti (Kataloniya), Barselona Avtonom Universiteti, Madrid Avtonom Universiteti və III Karl adına Madrid Universiteti ən müasir ali məktəblər hesab edilib. İnnovasiyalar və texnologiyalar üzrə liderlik III Karl adına Madrid Universitetinə məxsusdur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid