SİYASƏT
İsraildə Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü qeyd edilmişdir
Bakı, 26 may (AZƏRTAC). İsrailin şimalında, Yokneame şəhərində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) fəallarının Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümünə həsr olunmuş iclası keçirilmişdir.
Beynəlxalq Assosiasiyanın idarə heyətinin üzvü Yeganə Salman AZƏRTAC-a bildirmişdir ki, qurumun Ağsaqqallar Şurasının sədri Miron Fel Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, onun təşəkkülündən, siyasi strukturundan və bütün müsəlman dünyasında birinci demokratiyanın ideya liderlərindən söz açmışdır. Təşkilatın üzvləri Azərbaycanın orta əsrlərdən tutmuş XIX əsrin ortalarında özü ilə bərabər sənayenin sürətli inkişafını gətirmiş neft bumunun yaranmasınadək olan tarixinə ətraflı ekskursu böyük maraqla dinləmişlər. İqtisadiyyat, elm, təbabət və ölkənin digər əhəmiyyətli sahələri sürətlə inkişaf etmişdir. Bütün bunlar cəmiyyətdə demokratik əhval-ruhiyyənin yaranmasına təsir göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, çoxmillətli hökumətində o vaxt Azərbaycanın tərkibinə daxil olan bütün ərazilər, habelə bütün millətlər və ölkədə mövcud olan bütün konfessiyalar təmsil olunmuşdu.
Professor Fel gənc demokratik respublika qarşısında duran çətinliklərdən, sabitliyə ziyan vuran, son nəticədə hələ möhkəmlənməmiş demokratiyanı boğan xarici qüvvələrdən danışmışdır.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri bu gün Azərbaycanda bərabər hüquqlara malikdirlər.
Azərbaycan iqtisadi baxımdan inkişaf etmiş, hərtərəfli mədəniyyətə, çoxəsrlik tarixə və bütün Şərqdə birinci demokratiyadan – Azərbaycan Xalq Cümhuriyyətindən aldığı tərəqqipərvər demokratik ənənələrə malik ölkədir.