SİYASƏT
İsrailin Azərbaycandakı səfiri Şəkidə olmuşdur
Şəki, 1 oktyabr (AZƏRTAC). İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində oktyabrın 1-də Şəki şəhərində olmuşdur.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə səfirə Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə ətraflı məlumat verilmişdir. Qonağın diqqətinə çatdırılmışdır ki, bu günlərdə 2701 illiyi tamam olan Şəki dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə də məşhurdur. Bölgənin sənaye potensialının böyük hissəsini özündə cəmləşdirən bu şəhərdə qədim ipəkçilik ənənələri indi də davam etdirilir. “Şəki-İpək” ASC-nin istehsal etdiyi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur.
İsraillə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdirildiyini vurğulayan səfir Rafael Harpaz regionlara səfərinin mövcud münasibətləri daha da dərinləşdirmək və genişləndirmək məqsədi daşıdığını bildirmişdir. Səfir gələcəkdə quşçuluq təsərrüfatlarının və şitilxanaların yaradılmasında, turizm və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırmışdır.
Səfirə Şəki ilə bağlı buklet və kitablar hədiyyə olunmuşdur.
Daha sonra səfir və onu müşayiət edən şəxslər şəhərin görməli yerlərini gəzmiş, Kiş kəndindəki erkən orta əsrlərə aid qədim alban məbədini və Azərbaycan milli memarlığının nadir incilərindən sayılan Şəki xanlarının sarayını ziyarət etmiş, “Şəki-İpək” ASC-də, şərab zavodunda, heyvandarlıq kompleksində və digər sənaye müəssisələrində olmuşlar.