İstanbul Kadir Has Universitetinin akademiki: VII ADA Siyasi Forumu çox faydalı və məhsuldar olacaq

Xankəndi, 9 aprel, AZƏRTAC
ADA Universitetinin təşkil etdiyi VII ADA Siyasi Forumunda iştirak üçün Türkiyədən gəlmişik. İlk dəfədir Qarabağa səfər edirəm, bura çox gözəldir. Forumda bir sıra fərqli mövzularda müzakirələr aparılacaq. Bura geosiyasi vəziyyət, qlobal və yeni nizam, Azərbaycanın mövqeyi, Türkiyənin rolu və bir çox başqa mövzular müzakirə olunur. Olduqca zəngin bir proqram hazırlanıb. Burada olmaqdan çox məmnunam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VII ADA Siyasi Forumunun iştirakçısı, İstanbul Kadir Has Universitetinin akademiki, doktor Onur İşçi Xankəndidə deyib.
Rusiya və Türkiyə əlaqələri üzrə münasibətlər üzrə mütəxəssis olduğunu bildirən Onur İşçi yeni dünya nizamının yaxın zamanda necə dəyişikliklər yaşacağına dair müzakirələrin məhz bu forumda aparılacağını qeyd edib.
“Əslində bu suallara cavab tapmaq çox çətindir. Bu forumda biz “Yeni dünya nizamı” ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bildiyiniz kimi, çoxqütblü beynəlxalq nizam yaranır. Regional gərginlik artır. Bu problemlərin həlli üçün regional aktorların daha aktiv iştirakı lazımdır. Çünki müəyyən mənada beynəlxalq təşkilatlar artıq adekvat təhlükəsizlik tədbirlərini həyata keçirə bilmirlər. Buna görə də regional aktorların işə qarışması zərurəti yaranır.
Ötən gün biz ADA Universitetində yaşıl enerji mövzusunda bir proqramda iştirak etmişik. Cənubi Qafqazın inanılmaz əhəmiyyəti var. Bu bölgənin sülh içində birlikdə yaşaya bilməsi çox vacibdir. Bizi də bunun üçün dəvət etmişdilər. Biz də çox xoşbəxtik ki, artıq sülh yaxındadır. Türkiyə-Azərbaycan münasibətləri daim yüksək səviyyədədir.
Hazırda bu təkcə geosiyasi əlaqələr deyil, həmçinin iqtisadi münasibətlər inkişaf etməkdədir. Əminəm ki, VII ADA Siyasi Forumu çox faydalı və məhsuldar olacaq. Foruma dünyanın müxtəlif ölkəsindən 80-dən çox ekspert qatılıb. Hər il dünyanın müxtəlif yerlərindən insanlar gəlir. Onlar müxtəlif istiqamətlərdə mütəxəssisdirlər. Onların bəziləri bir-birini tanıyır. Həmçinin forumda şəbəkələşmə işləri aparılacaq”, - deyə Onur İşçi əlavə edib.