SİYASƏT
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir
İstanbul, 31 dekabr (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə İstanbulda yaşayan soydaşlarımız, iş adamları, diaspor təmsilçiləri, Türkiyədə təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinin mətni oxunmuşdur.
Baş konsul Həsən Zeynalov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qəbul olunmuş qərarın əhəmiyyətindən danışmış, bu müdrik addımın diaspor təşkilatlarının və dünyadakı bütün azərbaycanlıların həmrəyliyinin gücləndirilməsində mühüm rol oynadığını söyləmişdir.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov, Azərbaycan Dərnəkləri Federasiyasının sədri Erol Göllü, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu dünya azərbaycanlılarının həmrəyliyinin əhəmiyyətindən bəhs etmiş, bayram münasibətilə təbriklərini çatdırmışlar.
Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı olmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul