İSTANBULDA TÜRKDİLLİ ÖLKƏLƏRİN ALİMLƏRİNİN SİMPOZİUMU KEÇİRİLMİŞDİR
Ankara, 4 aprel (AZƏRTAC). TÜRKSOY təşkilatı martın 31-dən aprelin 4-dək İstanbuldakı Maltəpə Universitetində “Turk ləhcələri arasında aktarma (tərcümə) çalışmalarının bugünkü durumu və problemlər” mövzusunda simpozium keçirmişdir.
Tədbirdə təşkilata üzv ölkələr - Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan respublikalarının, Ukraynanın Krım vilayətinin və Türkiyənin alim və tərcüməçiləri iştirak etmişlər. Simpoziumda ölkəmiz Yazıçılar Birliyinin sədri Anar Rzayevin başçılıq etdiyi 5 nəfərlik heyəti ilə təmsil olunmuşdur.
Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin xatirəsinə ithaf edilmiş simpozium şairi anma mərasimi ilə başlamışdır. Xalq yazıçısı Anar şairin bütün türk dünyasının sərvəti olan zəngin irsindən bəhs etmişdir.
Rəsmi açılış mərasimində çıxış edən Maltəpə Universitetinin rektoru, professor Kemal Koymen, TÜRKSOY-un baş direktoru Dusen Kaseinov, Türk Dil Kurumunun sədri professor Şükrü Haluk Akalın türkdilli ölkələrin dilçi alimlərinin birgə tədqiqatlar aparmasının zəruriliyini vurğulamışlar.
Azərbaycan nümayəndə heyəti üzvlərinin Oğuz qrupu ləhcələri ilə bağlı məruzələri dinlənilmişdir.
Tədbir çərçivəsində tərcümə məşğələləri də aparılmışdır.
Simpozium TÜRKSOY, Maltəpə Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA, Qazi Universiteti və Avrasiya Yazıçılar Birliyinin dəstəyi ilə təşkil olunmusdur. Simpozium çərçivəsində təşkil olunmuş TÜRKSOY-un rəsm sərgisində azərbaycanlı rəssamların da əsərləri nümayiş etdirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara