İQTİSADİYYAT
İstehlaka yararsız mallar satışdan çıxarılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonunda “Elvin”, “Ziyad” marketlərdə, Səbail rayonunda Elmir Bəhmənliyə məxsus mağazada, “Smak market”də, Nizami rayonunda “Nigar”, “Samir” marketlərdə, Azər Nəbiyevə, Afət Əlişovaya, İlham Talıbova, Abşeron rayonunda Fərhad Əhmədova, Qusar şəhərində Erik Novruzbəyova, Cəlilabad şəhərində Polad Cəfərova məxsus mağazalarda ümumi çəkisi 170 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, qeyd olunan obyektlərdə satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.