İsveçrə Əməkdaşlıq Ofisinin rəsmisinə Azərbaycandakı gender bərabərliyi barədə məlumat verilib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli ilə görüşüb. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Görüşdə E.Süleymanova qonağa Ombudsman təsisatının yaradılması, mandatı, əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.
Müvəkkil fəaliyyətində digər hüquqlarla yanaşı, qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpasına böyük diqqət yetirdiyini, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini söyləyib. Bildirib ki, ölkədə sözügedən sahədə bir sıra tədbirlər görülüb, çoxsaylı qanunvericilik aktları, mühüm dövlət proqramları və milli fəaliyyət planları qəbul edilib, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq qurulub. Azərbaycan qadınlarının parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında idarəetmədə və qərar qəbuletmədə fəal iştirakı təmin edilib və bu sistemli yanaşma nəticəsində yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi artıb.
Qonağa 1994-cü ildə ombudsmanın təşəbbüsü ilə yaradılmış Azərbaycan Qadın və İnkişaf Mərkəzinin fəaliyyəti, paytaxt və regionlarda icmaları cəlb etməklə təşkil olunan silsilə maarifləndirici tədbirlər barədə də məlumat verilib.
Görüşdə müvəkkilin bu sahədə səmərəli təklifləri səsləndirilib.
Simone Haeberli müvəkkilin fəaliyyətini yüksək qiymətləndirib. O, Cənubi Qafqazda təmsil etdiyi qurumun gender bərabərliyi üzrə fəaliyyət göstərdiyi, müvafiq layihələr həyata keçirdiyi barədə məlumat verib və bu sahədə gələcək əməkdaşlıqda marağını ifadə edib.