ELM VƏ TƏHSİL
İsveçrədə beynəlxalq simpoziumda İlahiyyat İnstitutu rektorunun məruzəsi dinlənilib







Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov İsveçrə Konfederasıyasının Cenevrə şəhərində keçirilən “Birlikdə yeni körpülərin qurulması: keyfiyyətli təhsilin əsasında mənəviyyat və dəyərlər” mövzusunda beynəlxalq simpoziumda təşkil olunan paneldə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
“Ali təhsil və beynəlmiləlləşmə” panelində rektor A.Şirinov “Dözümsüzlüyün aradan qaldırılmasında dini təhsilin rolu: Azərbaycan İlahiyyat İnstitutu təcrübəsində” mövzusunda məruzə edib. O, din təhsilinin formaları haqqında danışarkən rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tədris prosesi barədə geniş məlumat verib. Qeyd olunub ki, institutda təhsil iki istiqamət – islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir.
Aİİ-də tədris olunan fənlər haqqında məlumat verən rektor vurğulayıb ki, institutda teoloji təhsildə İslamın müəyyən bir məktəbi əsas götürülmür, bütün İslam məktəblərinin görüşləri haqqında təsviri biliklər verilir. Demək olar ki, Azərbaycan İlahiyyat İnstitutundakı tədris metodu bu baxımdan müsəlman dünyasındakı təhsil müəssisələri arasında unikal modellərdən biridir. Həmçinin böyük dünya dinləri haqqında da deskriptiv metodla məlumat verilir.
Qeyd edək ki, “Globethics.net” qlobal təhsil müəssisələri şəbəkəsi, Cenevrə Mənəvi Xidmət Dərnəyi və Cenevrə Geostrateji Müşahidə Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan beynəlxalq konfransda Almaniya, İsveçrə, Bolqarıstan, Fransa, Böyük Britaniya, Portuqaliya, İsveç, Kuba, Kolumbiya, Argentina, ABŞ, Hindistan, Vyetnam, İndoneziya, Livan, Filippin, Nigeriya, Kenya, Efiopiya, Mərakeş, Əlcəzair, Mavriki, Malavi, Cənubi Afrika, Toqo, Qana, Ruanda dövlətlərindən nümayəndələr iştirak ediblər.