DÜNYA
İtaliyada daşqın qurbanlarının sayı 10-a yüksəlib
Roma, 16 sentyabr, AZƏRTAC
İtaliyanın Marke regionunda güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 10-a yüksəlib. İkisi uşaq olmaqla dörd nəfərin itkin düşdüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, bölgəyə 180 yanğınsöndürən cəlb olunub. Gecə ərzində evlərin damlarına və ağaclara sığınan onlarla insan xilas edilib.
Marke regionunun rəhbəri Françesko Akquaroli İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Mario Draqi ilə telefon danışığında bölgədəki son vəziyyət barədə məlumat verdiyini bildirib.
Xatırladaq ki, ötən gecə bölgəyə bir neçə saat ərzində 420 millimetrdən çox yağıntı düşüb və bu, bir ildə yağan yağışın yarısı qədərdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma