DÜNYA
İtaliyada hər gün intihar hadisəsi baş verir
Bakı, 26 may (AZƏRTAC). İtaliyada daha 2 nəfər ölkənin üzləşdiyi iqtisadi tənəzzüldən irəli gələn maliyyə çatışmazlığı səbəbindən intihar etmişdir. İtaliyanın “AKİ” informasiya agentliyinin verdiyi məlumata görə, paytaxt Roma yaxınlığında yerləşən Ostiya istirahət mərkəzində 38 yaşlı qadın özünə ölənə kimi bıçaq zərbələri endirmişdir. İqtisadi problemlərdən əziyyət çəkən bu qadın vəziyyətdən çıxış yolunu intiharda görmüşdür.
Digər intihar hadisəsi isə İtaliyanın şimal-şərqində baş vermişdir. Belə ki, 53 yaşlı iş adamı özünü yaşadığı evin mənzilində asmışdır. O, intihar etməzdən əvvəl yazdığı məktubda bildirmişdir ki, intihar etməsinə səbəb sahibi olduğu nəqliyyat şirkətinin borc üzündən bağlanması və üzləşdiyi çoxsaylı iqtisadi problemlərdir. İtaliyanın “AKİ” informasiya agentliyinin yaydığı məlumatda həmçinin qeyd olunur ki, İtaliyada intihar edənlərin əksəriyyəti iş adamları və işsizlərdir. İtaliyanın araşdırmalar institutlarından biri isə bildirmişdir ki, ölkədə hər gün bir italyan intihar edir.