DÜNYA
İtaliyada siyasi böhran yaranmışdır
Bakı, 1 oktyabr (AZƏRTAC). Silvio Berluskoninın başçılıq etdiyi “Xalq Azadlığı” Partiyasından olan nazirlər istefa verdikdən sonra İtaliya yeni siyasi böhranla üzləşmişdir.
“Euronews” telekanalının məlumatına görə, hökumətin etimad səsverməsində uduzacağı təqdirdə Baş nazir Enriko Letta istefa verəcəyini bildirmişdir. Bundan sonra İtaliya Prezidenti ölkədə yeni hökumətin qurulması və ya seçkilərin keçirilməsi barədə qərar verməlidir.
İtaliya mətbuatı yazır ki, S. Berluskoni maliyyə fırıldaqlarına görə məhkəməyə cəlb olunmuş və haqqında başlamış cinayət işi başa çatmamışdır. O, rəhbərlik etdiyi partiyadan nazir təyin edilmiş adamları istefaya məcbur etməklə hökumətə təzyiq edir ki, barəsindəki cinayət işini bağlasınlar.
İtaliyanın dövlət borcu 2 trilyon avronu ötmüşdür. Siyasi vəziyyət islahatların keçirilərək iqtisadi vəziyyətin düzəldilməsinə imkan vermir. Bu səbəbdən “Fitch” agentliyi ölkənin suveren reytinqini növbəti dəfə endirməyi qərara almışdır.