SİYASƏT
İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” qəzetində bu ölkənin şərablarının Azərbaycanda təqdimatı ilə bağlı məqalə dərc edilmişdir
Roma, 4 dekabr (AZƏRTAC). İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” qəzetində bu ölkənin şərablarının Azərbaycanda təqdimatı ilə bağlı məqalə dərc edilmişdir.
Məqalədə bildirilir ki, şərabçılıq sahəsində fəaliyyət göstərən italiyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti təqdimatla bağlı Azərbaycanda səfərdədir. Məqsəd şərabçılığı bütün regional iqtisadiyyatın təbliğində bir vasitəyə çevirməkdir.
Yazıda diqqətə çatdırılır ki, səfər çərçivəsində italiyalı qonaqlar bir sıra görüşlər, mətbuat konfransları keçirəcək və bu sahədə regional iqtisadiyyatı təbliğ etmək üçün mövcud imkanları dəyərləndirəcəklər.
Azərbaycanda şərabçılığın qədim bir ənənə olduğunu yazan müəllif bildirmişdir ki, ölkəmizdə bu sahə ilə bağlı əsas infrastruktur Gəncə, Şirvan, Qazax, Qəbələ və digər bölgələrdə inkişaf etdirilmişdir. Vurğulanmışdır ki, Azərbaycan istehsalı olan “Savalan” şərabı öz yüksək keyfiyyəti ilə seçilir.
Azərbaycanda adambaşına düşən gəlirin getdikcə artdığını vurğulayan müəllif ölkəmizin sürətli iqtisadi inkişafı barədə də məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan şərab da daxil olmaqla bir sıra keyfiyyətli məhsulların istehlakı üzrə regionda lider ölkədir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: http://www.ilsole24ore.com/art/impresa-e-territori/2013-12-03/il-vino-friuli-venezia-giulia-fa-rotta-azerbaijan-112107.shtml?uuid=ABk5BYh&fromSearch
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma