SİYASƏT
İtaliyanın nüfuzlu “Lo Speaker” xəbər portalında Azərbaycanın sürətli inkişafından bəhs edən məqalə yerləşdirilmişdir
Roma, 13 dekabr (AZƏRTAC). İtaliyanın nüfuzlu “Lo Speaker” xəbər portalında “Azərbaycan: həqiqətən gənc və sürətlə inkişaf edən ölkə” sərlövhəli məqalə yerləşdirilmişdir.
Məqalədə üçüncü Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verilir və qeyd olunur ki, bu forum dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai və siyasi xadimləri, diplomatları, alimləri, ekspertləri bir araya gətirmişdir. Forumda bəşəriyyəti maraqlandıran bir sıra problemlərin həlli istiqamətində müzakirələr aparılmışdır.
Yazıda diqqətə çatdırılır ki, İtaliya nümayəndə heyəti Bakı Forumu çərçivəsində bir sıra məhsuldar görüşlər keçirmişdir. Bakı ilə Neapolun qardaşlaşması məsələsinin müzakirə olunduğu görüş xüsusi əhəmiyyət kəsb etmişdir. Görüşdə bu addımın Azərbaycan və İtaliya arasında daha sıx əlaqələrin qurulmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan müəllif vurğulayır ki, Azərbaycan sürətli iqtisadi inkişafın müşahidə edildiyi və zəngin mədəni dəyərlərə malik bir ölkədir. Zəngin enerji resurslarının sosial, təhsil, mədəniyyət və digər sahələrdə inkişafın katalizatoru rolunu oynadığı Azərbaycan bütün dünyanı maraqlandıran geosiyasi mövzuların müzakirə edildiyi bir mərkəzdir. O, müxtəlif mədəniyyətlərin qovuşduğu bir regionda yerləşir.
Azərbaycanın “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Avropa İttifaqına inteqrasiyasını yüksək qiymətləndirən müəllif məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunur və qeyd edir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi heç bir nəticə verməmişdir. Tərəflər arasında əldə olunmuş atəşkəs rejimi tez-tez pozulur. Münaqişə regionda gərginliyə səbəb olan ən mühüm problemdir. Bütün bunlara baxmayaraq, Azərbaycan balanslaşdırılmış siyasət yeridərək etibarlı tərəfdaş olmağa çalışır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma