İQTİSADİYYAT
İTİRİLMİŞ ELEKTRİK ENERJİSİNİN BƏRPASI İSTİQAMƏTİNDƏ MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLÜR
Bakı, 6 oktyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz və Quba paylayıcı elektrik şəbəkələrində (PEŞ) aparılmış reydlər zamanı istehlakçılar tərəfindən bir sıra qayda pozuntuları aşkar edilmiş, müvafiq tədbirlər görülmüşdür.
Cari ilin avqustunda Xaçmaz PEŞ müəssisəsinin xidməti ərazisində keçirilmiş reydlər zamanı 40 istehlakçının elektrik enerjisindən istifadə qaydasını pozması aşkarlanaraq aktlaşdırılmış və 40,7 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 2,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə bu məbləğin təqribən yarısının ödənişi təmin olunmuşdur.
İlin 8 ayında aşkar edilmiş 443 qayda pozuntusuna görə 1,3 milyon kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 77,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Quba PEŞ-də avqust ayında keçirilmiş reydlər zamanı 44 istehlakçı tərəfindən 189,3 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 11,4 min manata yaxın istehlak dəyəri bərpa olunmuşdur. Hesabat dövründə bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
PEŞ-in ərazisində ilin 8 ayında 256 qayda pozuntusu aşkarlanaraq aktlar tərtib olunmuşdur. Aktlar üzrə 610,6 min kilovat-saat itirilmiş elektrik enerjisinin 36,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində bu məbləğin müəyyən hissəsinin ödənişi hesabat ayında təmin edilmişdir. Qalanının ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.