CƏMİYYƏT
İTS çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69 faizi TƏBİB tabeli, 31 faizi isə özəl tibb müəssisələrində icra edilib

Bakı, 28 sentyabr, AZƏRTAC
Cari ilin 8 aylıq göstəricilərinə əsasən, icbari tibbi sığorta (İTS) təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69 faizi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, 31 faizi isə özəl tibb müəssisələrində icra edilib.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. O qeyd edib ki, TƏBİB-n tabeliyində olan tibb müəssisələrində icra edilən stasionar cərrahi xidmətlər sırasında TOP-5 əməliyyatlar siyahısına nəzər salsaq, ginekoloji əməliyyatlar, hamiləlik, doğuş və zahılıq dövründə icra edilən mamalıq prosedurlarının sayı 47 faiz, həzm sistemində aparılan əməliyyatların sayı 14 faiz, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə aparılan əməliyyat sayı 12 faiz, travmatoloji, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı 9 faiz, tənəffüs sistemi xəstəliklərinin cərrahi müalicəsi üzrə əməliyyatların sayı 5 faiz və icbari tibbi sığorta təminatına alınmış cərrahi tibbi xidmətlərə görə ümumi sığorta ödənişlərinin 48 faizini təşkil edib.
TƏBİB-n tabeliyində icra edilməyən və ya qismən icra edilən cərrahi tibbi xidmətlərin ümumi sayı 31 faiz təşkil etməklə, onlardan ürək-damar sistemində aparılan əməliyyatların sayı 35 faiz, gözdə aparılan əməliyyatlar 28 faiz, koronar angioplastika, vaskulyar stendlərin taxılması əməliyyatları 23 faiz, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı, o cümlədən oynaq endoprotezlərinin yerləşdirilməsi 6 faiz olub.