IX “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib

Bakı, 16 may, AZƏRTAC
ABŞ-da ənənəvi təşkil olunan IX “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi bu dəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə müxtəlif yaş qruplarından olan peşəkar və həvəskar musiqiçilər iştirak edə bilərlər. İlk olaraq namizədlər müsabiqənin veb-səhifəsində qeydiyyatdan keçməli, ifa etdikləri əsərləri təşkilatçılara videoformatda onlayn göndərməlidirlər. Qalibləri müxtəlif nominasiyalar üzrə məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Seçilən iştirakçılar cari ilin noyabr ayında Nyu-Yorkun Karneqi zalında keçiriləcək qala-konsertdə çıxış edəcəklər. Bundan əlavə, qaliblərin bəziləri Avropanın geniş auditoriyalarına çıxış imkanı qazanacaqlar.
Qala-konsert Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunmuş müsabiqə hər il keçirilir. Müsabiqənin təsisçiləri ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru Pərvin Muradova (tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı), Kay Lang, Vivian Fang Liu və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminovadır. Müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaq, təkmilləşdirməsinə dəstək göstərmək, eləcə də zəngin musiqi mədəniyyətimizi təbliğ etməkdir.
Müsabiqə barədə ətraflı məlumatı linkə keçidlə əldə etmək mümkündür.