CƏMİYYƏT
İxracdan əldə olunan vəsaitləri ölkəyə qaytarmamaqda təqsirləndirilən daha dörd şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib

Bakı, 3 fevral, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən daha dörd şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Quba Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Bayram Nüsrət oğlu Məmmədzadə tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2,2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin şəxs iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Quba Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Qurban Nüsrət oğlu Məmmədzadə tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 516 min ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 877 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin şəxs iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Ağsu Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Asif Maarif oğlu Bədəlov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01” MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Lazimi Nəriman Məmmədtağı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərə alınıb.
Qeyd olunan dörd cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün müvafiq olaraq aidiyyəti üzrə Quba, Ağsu və Saatlı Rayon məhkəmələrinə göndərilib.