DÜNYA
Kainatda qeyri-adi qara deşik aşkar edilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). NASA astronomları qalaktikanın kənarında qara deşik aşkar etmişlər. Belə vəziyyət çox iri obyektlər üçün səciyyəvi deyildir.
Yer kürəsindən 300 milyon işıq ili məsafədə yerləşən qara deşik bir vaxtlar daha iri qalaktika tərəfindən udulmuş çırtdan qalaktikanın mərkəzi olmuşdur. Təkamülün bu mərhələsində qara deşiyi sezmək son dərəcə çətin olsa da, “Habbl” teleskopu bu işin öhdəsindən gəlmişdir.
Aparat onun yanında yeni ulduzlar qeydə almışdır. Daha sonra şəkilləri təhlil edən alimlər nadir obyekt aşkar etmişlər.
Tədqiqatçıların sözlərinə görə, indi onların qara deşiyin təkamülünü öyrənmək üçün zəngin materialları vardır.