Kamran İmanov: Konfransın keçirilməsində məqsədimiz hay-erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa etməkdir VİDEO

Bakı, 21 aprel, AZƏRTAC
Konfransın keçirilməsində məqsədimiz xüsusən əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilk saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfransa dair keçirdiyi brifinqdə söyləyib.
“Bu tədbiri biz Qərbi Azərbaycan icması ilə birlikdə keçirdirik və bu gün bizim təşkilatlar arasında yaranan işgüzar və səmərəli təcrübəmizi rəsmi sənəd vasitəsilə xoş niyyətlərimizi təsdiq etmək fikrindəyik”, - deyə Kamran İmanov bildirib.
Aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Günü olduğunu deyən Kamran İmanov müvafiq olaraq 1997-ci ildən və 2001-ci ildən bu əlamətdar günlərin ölkəmizdə qeyd olunduğunu bildirib. O, bu əlamətdar günlərin ikinci ildir ki, tam suverenliyini bərpa etmiş ölkəmizin hər bir guşəsində qeyd olunduğunu vurğulayıb.
“Aprel ayı isə bizim tərəfdən əqli mülkiyyət ayı elan edilib və bir sıra tədbirlər həyata keçirilir”, - deyə Agentlik rəhbəri bildirib.