SİYASƏT
KANADADA BAKININ BOLŞEVİK VƏ ERMƏNİ DAŞNAKLARINDAN AZAD EDİLMƏSİNİN 90-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Kanadanın Toronto şəhərində Bakının bolşevik-erməni işğalından azad edilməsinin 90-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, Azərbaycan və türk icmalarının birgə təşkil etdiyi tədbirə Azərbaycanın və Türkiyənin ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edən nümayəndə heyətləri də qatılmışlar.
Mərasimdə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova, Türkiyə parlament nümayəndə heyətinin rəhbəri Alaatin Büyükkaya, ölkəmizin Kanadadakı müvəqqəti işlər vəkili F.Şəfiyev, Türkiyə səfirliyinin müşaviri Yönet Tezel və diaspor üzvləri çıxış etmişlər.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsi və bu gün regionda lider dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamış, Azərbaycan dövlətinin türkdilli xalqların diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələri üçün lazımi kömək göstərməyə hazır olduğunu qeyd etmiş, 2007-ci ilin noyabrında Bakıda Türkdilli dövlətlərin və topluluqların XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının keçirildiyini xatırlatmışdır.