CƏMİYYƏT
Kanadadakı yəhudi mediası Toronto Azərbaycan Evinə qarşı törədilən erməni təxribatından bəhs edib

Bakı, 28 sentyabr, AZƏRTAC
Kanadanın nüfuzlu Thej.ca yəhudi media platformasında “Nifrət hisslərinin qızışdırılması Torontodakı Azərbaycan Evinə qarşı yönəldilib: Azərbaycan icması qəti mövqe nümayiş etdirir” sərlövhəli məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Thej.ca yəhudi media platformasının nəşriyyat direktoru Ron İstin qələmə aldığı məqalədə nifrətin qızışdırılması nəticəsində Torontoda yerləşən Azərbaycan Evinin qarşısındakı səkidə ölkəmizin ünvanına yolverilməz ifadələrin yazıldığının aşkarlandığı qeyd edilib. Gecə baş vermiş hadisədən səhər xəbər tutan Kanadadakı Azərbaycan icmasının dərindən narahat olduğu və bu insidenti pislədikləri vurğulanıb: “Haqsız mesaja baxmayaraq, icma üzvləri birliklərini qoruyub saxlamağa, həmrəy olmağa və zəngin Azərbaycan mədəniyyətini təbliğ edən Azərbaycan Evini ziyarət etməyə davam edəcəklərinə söz veriblər”.
Qeyd edilib ki, Azərbaycan Evi bu cinayət barədə dərhal York polisinə məlumat verib: “İcmanın cavabı güclü və sarsılmazdır: o, səkidə təhrif olunmuş nifrət mesajını rədd edir”.
Azərbaycan Evinin Kanadada yaşayan azərbaycanlıları bir araya gətirmək, tarixi və mədəni hadisələri qeyd etmək, maarifləndirici seminarlar keçirmək, müxtəlif yaş qruplarına, o cümlədən uşaqlara, gənclərə və ahıllara dəyərli xidmətlər göstərmək məqsədilə yaradıldığı və soydaşlarımız üçün mərkəz rolunu oynadığı nəzərə çatdırılıb.