İQTİSADİYYAT
“KapitalBank”ın Beyləqan rayon filialı əsaslı təmirdən sonra istifadəyə verilmişdir
Beyləqan, 22 dekabr (AZƏRTAC). “KapitalBank”ın Beyləqan rayon filialı əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, filialın xidmətindən istifadə edən hüquqi və fiziki şəxslərin iştirakı ilə mərasim keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov son illər ölkədə həyata keçirilən inkişafdan, eləcə də bank sektorunun müasirləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır.
Məlumat verilmişdir ki, filialda göstərilən xidmətlərin çeşidi artmış, müştərilərə Xəzri, Wester Union, Bıstraya poçta, Zalotaya karona ödəniş sistemi ilə xidmət göstərilmiş, həmçinin Komis və Data plus sistemi tətbiq olunmuşdur.
Bu il filial vasitəsilə rayon sakinlərinə 500 min manat istehlak krediti verilmiş, əhalidən 37 min manat əmanətlər cəlb olunmuş, müştərilərə 58 min 400 ədəd plastik kartla, 8 ədəd bankomat vasitəsilə xidmət göstərilmişdir. İl ərzində filialın gəlirləri 23,4 min manat artaraq 684 min manat təşkil etmişdir.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin filialın foyesində qoyulmuş büstü önünə gül-çiçək düzmüş, sonra binada görülən işlərlə, yaradılan şəraitlə tanış olmuşlar.