İQTİSADİYYAT
Karbamid istehsalı zavodunun işə salınması Azərbaycan kimyasının gələcəyini təmin edəcəkdir
Bakı, 26 may (AZƏRTAC). Karbamid istehsalı zavodunun işə salınması Azərbaycan kimyasının gələcəyini təmin edəcəkdir.
Rusiyanın “neftegaz.ru” portalının yazdığına görə, 2014-cü ildə Sumqayıtda karbamid istehsalı zavodu inşa ediləcəkdir. Ekspertlər bildirirlər ki, hazırda inşa edilən zavodların işə salınması bütün sahədə ciddi inkişafa gətirib çıxara bilər.
Portalda yer almış məlumatda deyilir ki, 2012-ci ilin yanvar-aprel aylarında Azərbaycan 58 milyon ABŞ dollarından çox məbləğdə kimya məhsulu ixrac etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə kimya məhsulunun ixrac həcmi 146 faiz artmışdır.
Müəllif Azərbaycan analitiklərinin fikrinə istinad edərək qeyd edir ki, Azərbaycan yaxın perspektivdə regionda kimya məhsulunun aparıcı istehsalçısına çevrilə bilər. Azərbaycanda kimya məhsulları istehsalında fenomenal yüksəliş “Azərikimya” İB 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olduqdan sonra nəzərə çarpmışdır. Ölkənin kimya kompleksinin xoşagəlməz tənəzzül dövrləri ilə üzləşdiyi əvvəlki illər fonunda sahənin modernləşdirilməsi Azərbaycan üçün həqiqi iqtisadi sıçrayışa çevrilmişdir.
Məlumatda deyilir ki, “Azərikimya” bütün ixrac məhsulunun 50 faizindən çoxunu Türkiyə bazarına göndərir. İxrac məhsulunun ümumi payı şirkətin istehsal etdiyi bütün məhsulun 92 faizini təşkil edir.