SİYASƏT
Karlos Sançes: Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsi vacibdir
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 5-6-da Bakıda keçiriləcək Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən Madrid Muxtar Universitetinin İqtisadi Kəşfiyyat Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Karlos Uriarte Sançeslə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ramil Həsən soydaşlarımızın ötən əsr boyunca dörd dəfə deportasiyaya məruz qalmasının regionun da taleyinə ağır zərbə vurduğunu bildirib. Qeyd edib ki, təkcə sonuncu deportasiya zamanı - 1987-1991-ci illərdə 300 minə yaxın azərbaycanlının qovulması və insanlıq əleyhinə bu cinayətləri həyata keçirənlərin cəzasız qalması bölgənin inkişafına maneə yaradan amillərdən olub.
Karlos Uriarte Sançes öz növbəsində Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.