DÜNYA
Kasım-Jomart Tokayev: Qazaxıstan öz tərəfdaşları ilə Orta Dəhlizi fəal şəkildə inkişaf etdirir
Astana, 8 avqust, AZƏRTAC
Mərkəzi Asiya sürətlə qlobal nəqliyyat kommunikasiyalarının əsas həlqəsinə çevrilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Kazakhstanskaya pravda” qəzetində dərc olunmuş “Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və tərəqqi yolunda” sərlövhəli məqaləsində deyilir.
Qazaxıstan Prezidenti, ilk növbədə, Çinin perspektivli “Bir kəmər, bir yol” layihəsini və regionun bütün ölkələrinin bu və ya digər dərəcədə iştirak etdiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunu misal çəkib. O qeyd edib: “Bu gün dövlətlərimiz yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması üçün digər perspektivli ideyalar irəli sürürlər. Qazaxıstan öz tərəfdaşları ilə birlikdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) fəal şəkildə inkişaf etdirir, onun vasitəsilə ortamüddətli perspektivdə daşımaların həcmi 5 dəfə artırıla bilər”.
Dövlət başçısı Qazaxıstanın dəniz infrastrukturunun - Aktau və Kurık limanlarının inkişafı ilə bağlı yeni imkanların açılmasına diqqət çəkib. O qeyd edib ki, bu limanların vasitəsilə Çindən, Mərkəzi Asiya ölkələrindən cənuba, habelə Qafqaz, Türkiyə və daha sonra Avropaya daşınan yüklərin həcmi artır.
Prezidentin məqaləsində vurğulanır: “Əfqanıstan ərazisindən keçməklə inkişaf etdirilən nəqliyyat dəhlizləri Cənubi Asiya ölkələrinin perspektivli bazarlarına və Hind okeanının limanlarına çıxışı təmin edə biləcək. Bu, bütün regionun maraqlarına uyğundur.
Mərkəzi Asiya daxilində və onun hüdudlarından kənarda yerləşən ölkələrlə nəqliyyat sahəsində əməkdaşlığı birlikdə genişləndirməklə, biz qarşıya qoyduğumuz bir çox məqsədlərə nail ola biləcəyik”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana