ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım Günü qeyd edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə çıxış edən institutun baş direktoru akademik Dilqəm Tağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Akademik qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücuma keçdi. Otuzillik erməni işğalına 44 gün ərzində son qoyuldu. Bütün dünya “Dəmir yumruğ”un gücünü gördü, inkişaf etmiş ölkələrdə Azərbaycan Ordusunun hərb meydanında göstərdiyi məharət örnək oldu. Həmin gün suverenliyimizin bərpasının başlanğıcı oldu. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa olundu.
İnstitutun baş direktoru qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi həmişə ehtiramla yad ediləcək.
Tədbirdə çıxış edən institut əməkdaşları vurğulayıblar ki, ölkəmiz bu tarixi Zəfəri Prezident İlham Əliyevin uzaqgörən siyasəti, hərb strategiyası, müzəffər Ordumuzun peşəkarlığı, əsgər və zabitlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqları sayəsində əldə edib.