İQTİSADİYYAT
“KATV1” kabel televiziya operatorunun Mingəçevir şəhər filialı açılmışdır
Bakı, 22 sentyabr (AZƏRTAC). Mingəçevir şəhərində “KATV1” kabel televiziyası operatorunun filialı açılmışdır.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində “AG Telekom” şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq, “KATV1” kabel televiziyasının artıq regionlarda da fəaliyyət göstərdiyini qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, bu yaxınlarda Gəncə şəhərində də şirkətin nümayəndəliyi açılacaqdır.
Qeyd olunmuşdur ki, hazırda “KATV1” kabel televiziya operatoru tərəfindən Mingəçevir şəhər sakinlərinə analoq və rəqəmsal yayım xidmətləri təklif olunur. “KATV1” kabel televiziya operatorunun abonentləri Mingəçevir filialında aylıq ödənişləri həyata keçirməklə yanaşı, şirkətin xidmətləri ilə bağlı yarana biləcək bütün problemlərin həlli üçün müraciət edə bilərlər. Həmçinin “KATV1”-in analoq və ya rəqəmsal yayımına qoşulma, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı yeni filiala müraciət etmək olar.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər ictimaiyyətinin nümayəndələri və digər qonaqlar filialda yaradılan şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, filialda abunəçilərin istək və arzularını bildirmələri, rahat şəkildə öz növbələrini gözləmələri və “KATV1” kabel televiziyasının yayımladığı bütün telekanalları izləyib tanış olmaları üçün hər cür şərait yaradılmışdır.
Qeyd edək ki, abunəçilərə analoq yayımda 66, rəqəmsal yayımda isə 85 telekanal təqdim olunur. Bunlar arasında EL TV (Yevlax), MTV (Mingəçevir) və Tovuz TV (Tovuz) kimi regional telekanallar da vardır.