Kazım Karabekir Paşanın İstanbuldakı muzeyində heykəli qoyulub
İstanbul, 27 aprel, AZƏRTAC
Kazım Karabekir Paşanın İstanbuldakı muzeyində onun silikondan düzəldilmiş heykəli qoyulub. Tədbir Kazım Karabekir Vəqfinin rəhbəri və qızı Timsal Karabekir Yıldıran tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, ən incə detallara qədər böyük bir ustalıqla hazırlanmış heykəl canlı insandan seçilmir və paşanın 37 yaşında olduqda Ərzurumda keçirilən konqresdə iştirakı günlərini xatırladır. Muzeydə paşanın iş otağında yerləşdirilmış heykəlin üstündə o zamanı xatırladan geyim və həqiqi medallar yerini alıb.
Tədbirdə çıxış edən Timsal Karabekir Yıldıran, paşanın nəvələri İclal Cankorel, Gülden Qazioğlu, Ferhan Ayazbeyoğlu, Tuzla icra hakimi Ali Akça paşanın tarixdəki yeri və fəaliyyəti barədə məlumat verib, heykəlin hazırlanmasının əhəmiyyətini vurğulayıblar.
Mərasimdə Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek, bu qurumun və Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, tələbələr, ziyalılar və digərləri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul