İQTİSADİYYAT
Keçən il 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma, həmçinin alüminium, kondensator, müasir tikinti materialları, qlükoza istehsalı zavodlarının istifadəyə verilməsi, Qaradağ sement zavodunun yenidən qurulması və 2 yeni sement, bərk məişət tullantılarının yandırılması, gəmiqayırma, günəş panelləri, xovlu İplik, gübrə zavodlarının və digərlərinin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev yanvarın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Nazir vurğulamışdır ki, bütövlükdə, 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 100-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir. Energetika sənayesinin inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq yaradılan Sumqayıt Kimya Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft məhsullarının ixracının və əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.