İQTİSADİYYAT
Keçən il tikinti–quraşdırma işlərinə 7,8 milyard manat vəsait xərclənmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Keçən ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilmiş, onun 61,2 faizi və ya 7,8 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 27,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 17,5 faiz çox olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici vəsaitlər təşkil etmişdir.
Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni obyektlərin istifadəyə verilməsi təmin edilmişdir. Bu siyahıya 15 sənaye müəssisəsi, ümumi sahəsi 1,9 milyon kvadratmetr olan yaşayış, 12,6 min şagird yerlik ümumtəhsil məktəblərinin binaları, 310 yerlik məktəbəqədər uşaq müəssisələri, 11 səhiyyə müəssisəsi (xəstəxana, ambulatoriya, poliklinika, diaqnostika və tibb mərkəzləri), 4 Olimpiya İdman Kompleksi və digər idman obyektləri daxildir.