Kənan Yavuz: SOCAR Türkiyədə ən nəhəng üç şirkətdən biri olacaqdır

Ankara, 27 avqust (AZƏRTAC). “SOCAR-Türkiyə AŞ” şirkətinin rəhbəri və “Petkim” Petrokimya Şirkəti İdarə Heyətinin üzvü Kənan Yavuz müsahibələrinin birində söyləmişdir ki, 2018-ci ilədək Türkiyə iqtisadiyyatına 17 milyard dollar sərmayə yatıracaq SOCAR qardaş ölkənin “Sabançı” və “Koç” holdinqləri ilə birlikdə ən nəhəng üç şirkətdən biri olacaqdır.
K.Yavuz bildirmişdir ki, 2008-ci ildə “Petkim”i özəlləşdirən və Türkiyə bazarına girən SOCAR bu günədək petrokimya sektorunun yenidən qurulmasına 250 milyon dollar sərmayə qoymuşdur. Nəticədə, şirkətin istehsal həcmi 10 faiz artmışdır. Azərbaycan şirkətinin ən böyük sərmayəsi isə illik 10 milyon ton emal gücünə malik olan və 5 milyard dollara başa gələcək “Star” neft emalı zavodu olmuşdur. Bu zavod ilə yanaşı, İzmirin Əliağa bölgəsində 600 meqavatt gücündə istilik elektrik stansiyası da inşa ediləcəkdir.
SOCAR-ın Türkiyədəki ən böyük sərmayəsi isə bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış Trans-Anadolu Boru Xətti (TANAP) layihəsi ilə bağlıdır. 2018-ci ildə istifadəyə veriləcək bu boru kəməri ilə ildə 16 milyard kubmetr təbii qaz nəqli planlaşdırılır. Bu qazın 6 milyard kubmetri Türkiyəyə, qalanı isə Avropaya satılacaqdır.
Bütün bunlarla yanaşı, SOCAR “Petkim” limanını konteyner limanına çevirməyi planlaşdırır. Bir neçə aydan sonra bu limanın da təməli qoyulacaq, buraya 300 milyon dollar sərmayə yatırılacaqdır.
K.Yavuz onu da əlavə etmişdir ki, TANAP layihəsi başa çatdıqdan sonra Türkiyənin əsas qaz tədarükçüsü SOCAR olacaqdır. Bu gün Azərbaycandan Türkiyəyə 6,6 milyard kubmetr qaz ixrac olunur, TANAP ilə birlikdə bu rəqəm 12,6 milyard kubmetrə çatacaqdır. Beləliklə, Türkiyənin təbii qaza olan tələbatının böyük bir hissəsi Azərbaycandan təmin olunacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara